Şriftin ölçüsü :

Saytın rəngi :

Təmiz şəhərdə yaşa - Gələcək öz əlimizdədir

04 sentyabr 2014 | 15:00

İsmayıllı Rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən icrasına başlanan   “Təmiz şəhərdə yaşa”  devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin ictimaiyyətə təqdimat tədbiri   keçirilib
 
Ölkəmizdə bütün istiqamətlərdə aparılan uğurlu islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində yaşayış məntəqələri abadlaşır, yeni yollar salınır, sosial infrastruktur yenidən qurulur ki, görülən bütün tədbirlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir.
Yaradılan sosial infrastrukturun saxlanması, sanitar vəziyyətin yaxşılaşdırılması üçün Dövlət tərəfindən mütəmadi olaraq köməklik göstərilir, kommunal təsərrüfatının maddi texniki bazasının gücləndirilməsi üçün əvəzsiz olaraq  nəqliyyat vasitələri, avadanlıqlar ayrılır, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə səfərlər təşkil edilir. 
İsmayıllı rayonunun turizm bölgəsi olması və ölkəmizin digər turizm bölgələrinə aparan magistral yolun rayonun ərazisindən keçməsi təmizlik və sanitariya məsələlərinə diqqətin daha da artırılması zərurətini yaradır.
Görülən işlərlə yanaşı bu istiqamətdə həlli vacib olan məsələlər də mövcuddur. Bunlardan ən önəmlisi  əhali arasında marifləndirmə tədbirlərinin aparılması,  rayon ictimaiyyətini və geniş əhali kütləsini  tədbirlərin icrasına cəlb etməkdir.
Bu məqsədlə İsmayıllı RİHB-nın 17 iyul 2014-cü il tarixli 120 saylı sərəncamı ilə İsmayıllı Rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən  “Təmiz şəhərdə yaşa”  devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanmışdır.
Layihənin icrası məqsədilə komissiya yaradılmış, tədbirlər planı təsdiq edilərək müəyyən edilmiş işçi qrupları tərəfindən tədbirlərin icrasına başlanmışdır. Layihə 2014-cü ilin dekabr ayının 25-dək  davam edəcək, yekun qiymətləndirmə tədbirləri ilin sonunda keçiriləcəkdir.
Məqsəd müxtəlif müsabiqələr, fləşmoblar, konkurslar, iməciliklər və digər tədbirlər vasitəsilə cəmiyyətin diqqətini təmizlik, yaşıllaşdırma, sanitariya işlərinə yönəltmək və ictimaiyyətin iştirakını layihəyə cəlb etməkdir.
Layihənin təqdimat mərasimi çox maraqlı  keçdi. Layihə rəhbəri, rayon İcra Hakimiyyəti başçısının  birinci müavini  Rövşən Ağayev  layihədə nəzərdə tutulan tədbirlər  (müsabiqələr, təbliğat yolları, uşaq və gənclərin təbliğat işində  iştirakı,  təbliğat vasitələri,  təbliğatçıların geyim formaları )  barədə ətraflı məlumat verdi.
   Şəhər sakinləri Səkinə Məmmədova, Yaşar Nuriyev və Vaqif Əliyev çıxış edərək  səmərəli təkliflər verdilər. İnnovasiya mərkəzinin  üzvü  Qönçə Ağazadə rayonun gənclərinin fikrini ümumiləşdirən  çıxış etdi, hamını şəhərin hər bir kəndin təmiz saxlanmasına dəvət etdi. Bu vacib layihənin  müddətsiz davamı üçün bütün gənclərə səsləndi.
     Kommunal müəssisələri  kombinatının direktoru Vidadi  Məmmədov əhalini xidmət işçilərinin əməyinə hörmət etməyə, xidmət haqqını ödəməyə, tikilənləri, qurulanları, parkları, bağları, yaşıllıqları qorumağa çağırdı. Abadlaşdırılan, illərin  gözləntisindən sonra asfaltlaşdırılan küçələrin  kənarlarındakı arxlara təmiz saxlamağı və bir çox digər məsələləri ictimaiyyət nümayəndələrindən xahiş etdi.
    Uşaq bağçasında tərbiyə olan körpələr böyüklər üçün dərs ola biləcək səhnəcik göstərdilər.
       Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd rayonları arasında bu tipli layihənin  ilkin olaraq  İsmayıllıda  həyata keçirildiyini dedi. Onun müvəffəqiyyətlə sona  çatması üçün hamının fəal mövqe tutmasını istədi. Layihənin icrasında  təbliğat işinin  böyük əhəmiyyət kəsb etməsindən  və bu işdə gənclərin üzərinə daha çox iş düşdüyündən danışdı.
     Mirdaməd müəllimin bütün rayon ərazisinin  mövcud  sanitariya  və ekoloji vəziyyətinə əsaslanan  təsirli və dəyərli çıxışı düşünən, məişət mədəniyyətinə sahib, yaşadığı yer üçün məsuliyyət daşıyan hər bir kəsdə daxili bir səfərbərlik yaratdı.
      Əziz İsmayıllı sakinləri, şəhərimizin, kəndlərimizin təmiz saxlanması, sağlam həyat tərzinin təmin edilməsi yolunda bir-birimiz qarşısında məsuliyyət daşıyırıq.

Keçidlər