Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan çoxəsirlik multikulturalizm və tolerantlıq ənənələrinə malikdir

13 noyabr 2014 | 16:00

13 noyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq günü münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova,Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun təmsilçisi Ceyhun Məmmədov, Bakı Slavyan Universitetindən İrina Kunina, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının  İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina, Topçu məscidinin dini icma sədri Rəşid Məmmədov və başqaları çıxış ediblər.                         
     Çıxışlarda Azərbaycanda bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasətindən, tolerantlıq və multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük təcrübədən, qazanılan unikal nailiyyətlərdən ətraflı danışılıb. Qeyd olunub ki, bu gün Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsubların birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs bir məkandır. Vurğulanıb ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.     
     Qeyd olunub ki, dövlətin  din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.  Bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışılaraq göstərilib ki, məhz ulu öndərin təşəbbüsü ilə 1999-cu ilin fevralında ölkəmizdə ilk dəfə tolerantlıq günü keçirilib. Həyata keçirilən uğurlu siyasət nəticəsində məscid, sinaqoq, kilsə, müxtəlif dini qurumlar sərbəst fəaliyyət göstərirlər.
    Bu gün dünyanın bir çox qaynar yerlərində o cümlədən İraqda, Suriyada, Pakistanda, hətta eyni dinlərdən olan insanlar arasında münaqişələr ağır fəlakətlər törədir. Avropanın özündə, o cümlədən Fransada ərəblərə, Almaniyada türklərə qarşı dözümsüzlük hökm sürür. Bir sıra hallarda qarşıdurmalar yaranır. Azərbaycanda da dini icmalar arasında qarşıdurmalar yaratmaq ,ölkəni parçalamaq bu gün bir sıra xarici qüvvələrin can atdıqları bir məsələdi. Bu gün Ermənistan təhlükəsizlik qüvvələri Azərbaycanda etnik qruplarla əməkdaşlığa çalışır, münaqişə ocaqları  yaratmaq istəyirlər.   Ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli -mənəvi dəyərlərimizin qorunması, əlbəttə,  bu planları pozur.
   “Dəyirmi masa”da qeyd olunub ki, Azərbaycan vətəndaşı üçün tolerantlıq təkcə hüquqi vəzifə deyil, həm də mənəvi tələbata çevrilib. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb.
   Çıxış edənlər Azərbaycandakı tolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini icmalara qayğısından danışıblar.

Keçidlər