Şriftin ölçüsü :

Saytın rəngi :

Lahıc qəsəbəsi

                                                                                                                                                                                                                                      Lahıc

                                  
Lahıc Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olub xalq sənətkarları , özünəməxsus adət-ənənələri  və gözəl təbii landşaftı ilə məşhurdur.O, Azərbaycanın paytaxtı Bakıdan şimal-qərbdə 180 km , Müsüslü dəmir yol stansiyasından 71 km aralıda yerləşir.Relyefi əsasən dağlıq olmaqla dəniz səviyyəsindən 1200-1500 m hündürlükdədir.
Lahıc Qafqaz dağlarının cənub-şərq yamaclarında Niyal silsiləsinin ətəyində və Girdimançayın yuxarı axarında yerləşib.Onun ərazisindən həmçinin Lilo, İl ,Cəfələ və Kişlər kimi kiçik çaylar da axır.Bura Bakı-İsmayıllı avtomobil yolunin İsmayıllıya 11 km qalmış dönüb daha 21 km yol qət etməklə gəlmək olar.Onu hər tərəfdən dağlar əhatə etmişdir. Onun əlaqəsi 2 avtomobil yolu istisna olmaqla yalnız dağ çığırları ilədir.
Birinci yol(32km) İsmayıllıdan , digər yol(40km)Şamaxı tərəfdəndir.İkinci yol Pirqulu və Dəmirçi kəndlərindən keçməklə daimi işlək olmadığı üçün baxımsız vəziyyətdədir. Qəsəbə Girdimançay boyunca 2 km məsafədə uzanıb. Girdimançayın əsas su qaynağı Babadağın 3100 m hündürlükdəki cənub yamacındakı mənbələrdir. Lahıcın ətrafında Niyal ,Qaban , Xart , Quzudöşü ,Ağbulağ, Gümüşqala kimi dağlar əzəmətlə durmaqdadır.
      Lahıc toponimini şərqşünas V.Minorski bu ərazidə mövcud olmuş Layzan şahlığının adı ilə əlaqələndirir. Xalq arasında yayılan fərziyyələrə görə Lahıc sözünün etimologiyası  “Həcc yolu” , ”Daşlıq yer ” , “Böyük su kənarı” , “Köçməyənlər ”  , “Tayfa,ləhcə ” və s. kimi mənaları ilə izah olunur.
Lahıcın 2000 ildən artıq tarixi var. Lahıc ətrafında tapılmış daş bıçaq və ox ucluqları , gil qablar burada yaşayışın hələ qədim zamanlarda olmasından xəbər verir.Bu torpaqların qədimliyinin sübutlarından biri də bu gün də Lahıc qəbiristanlığında olan I Keyxosrov və Bahadurşahın qəbirləridir. Ərəblərin Azərbaycana hücumu zamanı alban hökmdarı Cavanşirin  yay iqamətgahı Niyal dağının Lahıca baxan yamacında idi. Lahıc Albaniyanın qala-şəhəri kimi mühüm müdafiə əhəmiyyəti daşıyırdı. Eramızın III əsrində hakimiyyətə gəlmiş Sasanilərin zamanıında Lahıcın əhəmiyyəti bir az da artdı. Mənbələrdəki məlumatlara görə sasani hökmdarları I Qubad (488 – 531) və I Xosrov Ənuşirəvan (531 – 579) ölkənin şimal sərhədlərini möhkəmlətmək üçün orada hərbi qurğular tikirdilər. VI əsrin sonu VII əsrin əvvəlində Azərbaycan ərazisinin şimalında Mehranilər sülüləsinin yerləşməsi və Girdiman əyalətinin əhəmiyyətinin artması Azərbaycanın siyasi həyatında mühüm hadisələr oldu. Lahıc bir şəhər kimi inkişaf etməyə başladı və öz əlverişli müdafiə imkanlarına görə  Mehranilər sülüləsinin əsas sığınacağına çevrildi. Lahıc istər Şirvanşahlar, istər Osmanlı , istər Şirvan xanlığı , istər çarizm , istərsə də Sovet hakimiyyəti illərində Dağlıq Şirvan üçün heç vaxt əhəmiyyətini itirməmişdir. Bir çox  karvan yollarını keçdiyi və zaman keçdikcə sənətkarlığın, ticarətin inkişaf etdiyi bir orta əsr feodal şəhəri kimi tanınmış və həmişə öz mövqeyini qoruyub saxlamışdır.
Lahıc özünəməxsus memarlıq üslubu  və binaların keyfiyyəti ilə adi dağ kəndlərindən çox fərqlənir. Bu məharətlə və mozaik şəkildə ağ çay daşları ilə döşənmiş küçə -meydanları olan və inkişaf etmiş kanalizasiya, su təchizatı sisteminə malik  kiçik bir orta əsr şəhəridir. Burada iki və üç mərtəbəli evlər  və ictimai hamamlar görmək mümkündür . Memarlıq ənənələrinin unikallığı, yüksək səviyyədə  inkişaf etmiş xalq sənətkarlığı və özünəməxsus adət-ənənələri  Lahıcı açıq səma altında muzey adlandırmağa imkan verir . Lahıc Tariz-Mədəniyyət Qoruğu tərəfindən ərazidə 90-dan artıq tarixi abidə qorunmaqdadır.Bura 5 məscid , 3 hamam , 60-dan artıq yaşayış evi , 1 körpü ,onlarla qəbirüstü daş , 1 su dəyirmanı , bir neçə sənətkarlıq emalatxanası və  ictimai bulaqlar aiddir  . Tikintilərin əksəriyyəti XII- XIX əsrlərdə yerli tikinti materiallarında inşa edilmişdir. Ağsaqqalların dediyinə görə  , Lahıc yeddi məhəllələyə bölünürdü : Ağalı, Bədöyun, Pishta, Zəvəro, Ərəgit, Dərelilo və Bagmija. Lahıcda hər məhəllənin öz məscidi, bulağı, hamamı, və s. vardı.
XALQ   SƏNƏTKARLIĞI
Lahıc sənətkarlarının ustalığı Azərbaycan xalqının  dekorativ-tətbiqi sənətdə kökü çox qədimə gedən köklərindən bəhrələnir. Lahıc təkcə  özünəməxsus memarlıq və adət-ənənləri ilə  məşhur deyil , həm də öz gözəlliyi və unikallığı ilə diqqət çəkən əsərlər yaradan xalq sənətkarları ilə tanınır. Burada 127-yə yaxın sahəsi inkişaf etmiş sənətkarlığı qeyd etmək lazımdır. XIX əsrin ortalarında Lahıcda 250-yə yaxın sənətkarlıq emalatxanasl və dükanı vardı.  Bügünkü Lahıc ustaları xalq sənətkarlığı ənənlərini davam etdirməkdədirlər. Düzdür , həmin sənət növlərinin bir çoxu unudulub ,amma misgərlik , xalçaçılıq , dəmirçilik, bənnalıq ,dülgərlik ,dabbağlıq və s. kimi sənətlər hələ yaşadılır. Azərbaycan dövləti sənətkarlığı qorumaq üçün həmin sənətkarları vergilərdən tam azad edib.
MİSGƏRLİK
Lahıcda ən məşhur sənət misgərlik olub. Lahıc misgərlik sənəti 2015-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.  Artıq yüz illərdir ki , Lahıc mis məmulatların hazırlanma mərkəzi kimi məşhurdur. O mis məmulatlarla nəinki Azərbaycanı ,həm də bütün Qafqazı təmin edirdi. Buradan məhsullar İrana və Kiçik Asiyaya ixrac edilirdi. Bəlkə də dünyanın heç bir yerində misgərlik bu dərəcədə inkişaf etməyib.Mis xammalı Bakı , Tiflis ,Gədəbəy ,Zəngəzur  habelə xaricdən Suriya, Türkiyə , İngiltərə  və Həbəşistandan gətirilirdi.Sovet dövründə isə Ukrayna və Rusiyadan idxal edilirdi.  Misgərlik sənətinin uğurlu inkişafı əlavə daha 40-a yaxın köməkçi peşə və sənət sahələrinin (qalayçılıq, dabbağlıq,dəmirçilik ,kömürçülük ) yaranmasına və inkişafına səbəb oldu.
HƏKKAKLIQ
Mis məmulatların əksəriyyəti dekorativ naxışlarla bəzədilirdi .Bununla məşğul olanlara həkkak deyilirdi . Qabların üzərindəki heyvanat və nəbatat aləmindən real həyatı əks etdirən naxışlar,  Quran ayələri və məşhur Şərq şairlərinin şeirlərindən misralar sübut edirdi ki , bunlar artıq adi qab deyil , sənət əsərləridir. 
QALAYÇILIQ
Yemək hazırlanan mis qablar yalnız qalaylandıqdan sonra istifadəyə yararlı olur. Bu işi görən adamlar qalayçı adlanır . Qalayçı mis qabı əvvəlcə kirdən və yanıqdan təmizləyir sonra qalaylayır. Lazım gəldikdə onlar köhnə qabı təmir edir və axan yerini lehimləyirlər.
DƏMİRÇİLİK
Misgərliyin inkişafı dəmirçiliyin də inkişafına çox təsir göstərib. Dəmirçilər ilk növbədə məişətəşyaları və kənd təsərrüfatı alətlərini  hazırlamaqla məşğul idilər. Lakin elə dəmirçilər vardı ki , misgər ,dəmirçi ,dülgər ,bənna ,zərgər və s. sənətlər üçün alətlər hazırlamaqda ixtisaslaşmışdılar. Bəzi dəmirçilər nal və ona uyğun mıx hazırlamaqla məşğul olurdular. Həmin nal və mıxları heyvanlara vuran ustalar nalbənd adlanırdı.
DABBAĞLIQ
Metalişləmə sənətlərindən sonra əsas sahələrdən biri gön-dəri istehsalı (dabbağlıq) idi. Dabbağlar daha çox Lahıcın Zəvəro məhəlləsində İl çay dərəsinin qırağında sıra ilə düzülmüş emalatxanalarda işləyirdilər. Lahıc ustaları qoyun ,keçi ,dana və s. dəriləri bacarıqla aşılayır ,onlardan müxtəlif dəri məmulatları hazırlayan digər ustalar üçün xammal istehsal edirdilər. Yerli dəri istehsalı yeni sənətlərin meydana gəlməsinə səbəb oldu : sərraclıq ,yəhərsazlıq , çəkməçilik , papaqçılıq və s.
SƏRRACLIQ
Ən qədim sənətlərdən biri sayılan sərraclıq minik və yük heyvanları üçün dəri aksessuarlar (yəhər , yüyən, palan toqqaları , qamçı) Amma yəhər bu məmulatlar arasında ən çətini idi ,çünki onu ən yaxşı ustalar düzəldə bilirdi.
ÇƏKMƏÇİLİK
Çəkməçilər alçaqdabanlı çustlar , çobanlar üçün dabansız çarıqlar , ev ayaqqabları nəleyinlər , yumşaq və nazik dəridən uzunboğaz məshlər tikirdilər.Hər bir usta yeni ayaqqabı tikməklə bərabər ,köhnələri də təmir edirdi.
XALÇAÇILIQ
Xalq sənətkarlığının illərlə əmələ gəlmiş ənənələri Lahıcda xalçaçılığın inkişafı və yayılması üçün geniş imkan yaratmışdı. Artıq XX əsrin ortalarından xalça arteli təşkil olunmuşdu. Lahıc xalçalari öz yüksək bədii keyfiyyətləri ilə geniş şöhrət tapmışdı. Vaxtilə 500-dən artıq toxucunun çalışdığı müəssisədə indi ondan 10 dəfə az adam çalışır. Amma onlar yenə də xüsusi gözəlliyi , rəngələrinin dolğunluğu , naxışların cazibədarlığı ,xovunun yumşaqlığı və yüksək sıxlığına görə digər yerlərdə hazırlanan xalçalardan üstün olanxalçalar toxuyurlar.
PAPAQÇILIQ
Papağın növləri hazırlanarkən materialın keyfiyyəti, insanları ictimai mövqeyi , dini mənsubiyyəti və maddi vəziyyəti nəzərə alınırdı .Papaqçılar ən yaxşı papaqları gətirilmə xammaldan tikirdilər.
CORAB TOXUCULUĞU
Yun corab toxuculuğu ənənələri bu gün də yaşadılır. Bu corablar adətən soyuq vaxtlar üçün nəzərdə tutulsa da , adi vaxta evdə geyilən növü (papış) də müştərilər tərəfindən həvəslə alınır.
SİLAHSAZLIQ
Orta əsrlrdə Lahıcda hazırlanmış xəncər və qılınclar regionda ən keyfiyyətli hesab edilirdi. Bu qılıncların qəbzəsi qızıl və gümüşlə işlənirdi. Buradakı ustalar deyilənlərə görə Dəməşq poladının hazırlanma üsulunu bilirdilər. Onların hazırladığı polad Dəməşq poladından geri qalmırdı. Buna görə də XVII –XVIII əsrlərdəLahıc soyuq silah hazırlanmasında xüsusi mövqeyə malik idi. Odlu silah hazırlanmasında da böyük uğurlar əldə edilmişdi.Artıq XIXəsrdə Lahıcda 8 silah sexi fəaliyyət göstərirdi. Etibarlı mənbələrdən bu da məlumdur ki , Rusiyanın Tula və İjevck şəhərlərindən silah mütəxəssisləri Lahıc ustalarının iş təcrübəsi və sənət sirlərinə xüsusi maraq göstərmişlər.Bu gün də Lahıc ustaları soyq silah nümunələri düzəldərək onları xüsusi bəzəklərlə əsl sənət əsərinə çevirə bilirlər.
Lahıcda turizm
Azərbaycana gələn əksər turistlər mütləq Lahıca gəlməyə çalışırlar. Lahıc Böyük İpək Yolu beynəlxalq turist marşrutuna daxil edilmişdir.Qonaqların istiraəti üçün mehmanxana, qonaq evləri və restoranlar təklif edilir. Lahıcda yaradılmış turizm icmasının layihəsi əsasında yaradılmış və özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzində mədəni turizm , ekoturizm , xalq sənətkarlığı ,ailə turizmi və xidmətlərə (bələdçilər və tərcüməçilər, yerləşmə, turlar,at gəzintisi, restoran, nəqliyyat) aid məlumat almaq olar. Əlaqəni    tel:  0 50(55)-677-7517 (mob)       e-mail:lahij.tourizm@mail.ru  ilə yaratmaq olar.  Mərkəzə müraciət edən hər bir turistə keyfiyyətli pulsuz informasiya xidməti göstərilir.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlahm Əliyev cənablarının regionların inkişafı və turizm potensialından daha səmərəli istifadə  istiqamətində  gördüyü işlər Lahıcın da həyatında özünü göstərir. Möhtərəm prezidentin sərəncamı ilə İsmayıllı rayonuna icra başçısı təyin olunmuş cənab Mirdaməd Sadıqov  Lahıcda  turizmın  inkişafı məqsədilə ihfrastrukturun yaxşılaşdırılması üçün ciddi tədbirlər görür. Bütün bunların nəticəsidir ki, Lahıca gediş-gəliş asanlaşmış, rabitə və elektrik təchizatı xeyli yaxşılaşmışdır. Düşünürük ki, Lahıc qəsəbəsi kimi qədim sənətkarlıq yurdu və açıq səma altında bir muzey həmişə diqqət mərkəzində olacaq və çiçəklənən Azərbaycan torpağının bir gözəl guşəsi kimi hər bir kəsi cəlb edəcəkdir.
Lahıc qəsəbəsi həmdə təhsil, elm, mədəniyyət, incəsənət, ədəbiyyat, hərbi və idaretmə sahələrində öz yetirmələri vasitəsi ilə böyük xitmətlər göstərib. Bu, ikinci bir yazının mövzusudur. Ona da qayıdacağıq.

        

  

Keçidlər