Şriftin ölçüsü :

Saytın rəngi :

Qalacıq kəndi

                            Dağlar qoynunda qala quran Qalacıq


      Azərbaycan Respublikasının ərazisində çoxlu sayda azsaylı xalqlar yaşayırlar. Bu xalqlar içərisində  ləzgilər də vardır. Müstəqil Azərbaycanımızda, Azərbaycan xalqı ilə bir olan və onlarla birlikdə yaşayan ləzgilərin də coğrafi məkanları mövcuddur. Bunlardan biri də İsmayıllı rayonun Qalacıq kəndidir. Bu kənd İsmayıllı rayonun 28 km şimal-qərb istiqamətində sonuncu yaşayış məntəqəsidir. Qalacıq gözəl təbiətə malik olmaqla sıra dağların ətəyində yerləşir. Kəndin hər iki tərəfindən uçqun və yarğanların arasında güclü dağ çayı axır. Gədik deyilən dağ keçidi bir növ kəndin yeganə giriş alaqapısını xatırladır. Burada içəri daxil olan kimi özünü möhtəşəm bir qalanın içərisində hiss edirsən. Elə buna görə də babalarımız buranı ”Qalacıq” adlandırmışdır. Ləzgilərin Qalacıq kəndində məskunlaşması tarixi  Qafqaz Albaniyası dövləti  yarandıqdan sona baş vermişdir. Leqlər adlanan ləzgilər bizim eranın birinci əsrində Samur çayı vadisində yaşamış, oradan Dağıstan, sonra isə cənuba hərəkət edərək, Qafqaz sıra dağlarını aşmış, indiki yaşadığı ərazidə məskunlaşmışlar.Bu,onlardan bir hissəsi Azərbaycan Respublikasının İsmayıllı rayonun Qalacıq kəndində məskunlaşan ləzgilərdir.   İsmayıllı rayonunun  Qalacıq kəndinin sakinləri hal-hazırda 1732 nəfər təşkil edir. Əhali əsasən bağçılıq, meyvəçilik, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq və xalçaçılıqla məşğul olur. Kənd müəyyən tarixi abidələrilə fərqlənir. Bunlardan biri   Qalacıq yaxınlığında Səngər çayının sahilində IX-XIV əsrlərə aid olduğu ehtimal olunan “Qasım xan” qalası, yerli əhali içərisində “Səngər  qalası” adlanan qalanın xarabalıqlarıdır. Qalanın kim tərəfindən tikilməsi məlum deyil. Sadəcə o məlumdur ki, qala müdafiə istehkamı xarakteri daşımışdır. XVIII-ci əsrin sonlarında Şamaxı xanı Mustafa xanla əmisi Qasım xan arasında baş verən ədavət zamanı Qasım xan dağ yolları ilə hal-hazırda xarabalıqları mövcud olan Səngər qalasına gəlmiş və buranı bərpa etdirmişdir. Kəndin yuxarı hissəsində yerləşən və xalq arasında “Pirdavud” adlanan qəbiristanlıq dövlət tərəfindən qorunur. Burada uyuyanlar Ləzgi dil qrupuna aid haputlardır. Qalacıq kəndi həm də geniş turizm potensialına malik kənddir. Belə ki, burada həm göz oxşayan şəlalə, çoxlu sayda sərin bulaqlar və tarixi baxımdan görməli yerlər vardır. Müstəqil Azərbaycan dövləti bu sahədə nəinki kəndimizə, bütün azsaylı xalqların inkişafına öz diqqətə layiq qayğısını göstərmişdir. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi zamanı kəndimizin mərd oğulları da cəbhəyə yollanmış böyük fədakarlıqlar göstərmişlər. Qarabağ müharibəsi dövründə Qalacıq 3 şəhid vermişdir. 3 nəfər isə Qarabağ müharibəsi əlilidir. Hazırda Qalacıq kənd tam orta məktəbi şəhid igidimiz Tariyel Bayram oğlu Xanadanovun adını daşıyır. Yeri gəlmişkən kəndimizdə məktəb 1923-cü ildən fəaliyyətə başlamışdır. Məktəbin ilk direktoru əsli Qalacıqdan olan Seyfəddin İbrahim Xəlil oğlu Rəsulov olmuşdur. Kəndimiz öz ziyallıları ilə haqlı olaraq fəxr edir. Bunlara misal olaraq kimya elmləri doktoru Rəhimov Rəvan Abdullətif oğlunu, fizika-riyaziyyat elmləri doktoru, Rəhimov Sədiyar Soltan oğlunu, tibb elmləri namizədi Rəhimov Valeh Ələddin oğlunu, dövlət qulluğunda uzun illər xidməti olmuş İsmayılov Rza Mövlam oğlunu və başqalarını göstərmək olar. Hal hazırda kəndimizdə məktəblə yanaşı Qalacıq kənd kitabxanası, Mərkəzi poçtun Qalacıq filialı fəaliyyət göstərir.
Qalacıq kənd əhalisinin özünəməxsus adət-ənənələri vardır. Müəyyən fərqləndirici xüsusiyyətlər çıxmaqla, qalan bütün adət və ənənələr  Azərbaycan xalqının adət ənənələri ilə eynidir. Sadəcə toy mərasimlərində bəy saxlama, yas mərasimlərində bütün əhalinin birgə iştirakı belə adətlərə aiddir. Bir də kənd sakinlərinin belə bir xüsusiyyəti vardır. Əgər səni toya çağırıblarsa getməyə də bilərsən, səndən heç kim inciməz. Yas mərasiminə isə gəlməmək olmaz, çünki o yasın sahibinin gözü bu matəm vaxtında onun qapısına gəlməyəni tez seçir.
Qalacıq kənd sakinləri Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir, Azərbaycançılıq ideologiyası ilə silahlanaraq ölkəmizin sosial-iqtisadi inkişafı üçün əzmlə çalışırlar.

Keçidlər