İvan Vasilyeviç Kazakov
Arıçılıq üzrə damazlıq təsərrüfatının rəhbəri İvan Vasilyeviç Kazakov
İvan Kazakov 1981-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuş, 1989-cu ildə İvanovka kənd orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, 1998-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir.
1998-ci ildə Azərbaycan Kooperasiya Universitetinin iqtisadiyyat fakultəsinə daxil olmuş, 2002-ci ildə həmin universiteti bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 2003-cü ildə Maqdonalq firmasında menecer kimi işə başlamışdır. 2009-cu ildən İvanovka kəndində olan arıçılıq təsərrüfatı damazlıq təsərrüfatı kimi rəsmi qeydiyyatdan keçirmişdir. Təsərrüfatın hazırda 170 arı ailəsi vardır. İvan Kazakov yüksək keyfiyyətli bal və digər arıçılıq məhsulları istehsalı ilə məşğuldur. Son 4 ildə respublikamızın paytaxtı Bakı şəhərində təşkil olunan arıçılıq məhsullarının satış-sərgi yarmarkasında müvəffəqiyyətlə iştirak edərək, rayonumuzun bal məhsullarını daha geniş miqyasda təbliğ olunmasında fəal iştirak edir. Onun təsərrüfatı mobil təsərrüfatdır, belə ki, xüsusi lafet üzərində qurulan arı ailələri ilin payız-qış fəsilində aran ərazilərdə yerləşdirilir və daha sonra rayonumuzun müxtəlif ərazilərində gəzdirilir. Bu proses arıçıya daha çox məhsul istehsal etməsinə şərait yaradır. İvan Kazakov eyni zamanda elmin yeni nailiyyətlərindən də faydalanır. O, arıxanasında iki analı arı ailəsi sistemi yaratmışdır ki, bu sistem vasitəsilə arıçı bir arı ailəsindən, bir analı arı ailəsinə nisbətən 2 dəfə artıq məhsul götürməyə nail olur.
Bununla yanaşı İ.Kazakov digər arıçılara damazlıq ana arı satılmasını da həyata keçirməklə təsərrüfata əlavə gəlir gətirir.
Qeyd etmək lazımdır ki, Kazakovlar ailəsi ata-baba bu sahə ilə məşğul olmuşlar.
2012-ci ildə İvan Kazakovun təsərrüfatı hər arı ailəsindən orta hesabla 18 kq bal götürmək şərti ilə 3 min kiloqram, 2016-cı ildə isə hər arı ailəsindən 20,5 kq hesabında 3690 kq məhsul istehsal etmişdir.
İvan Kazakov ailəlidir, 2 övladı var.