Şriftin ölçüsü :

Saytın rəngi :

İsayev Fazil Həmid oğlu

  1934-cü ildə İsmayıllı rayonunun İsmayıllı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1941-ci ildə İsmayıllı kəndində 1-ci sinfə getmiş, 1946-cı ildə 5-ci sinfi başa vurmuşdur.
    1948-ci ildə əmək fəaliyyətinə başlayaraq, İsmayıllı kəndində “Qızıl əsgər” kolxozunda kolxozçu işləmişdir. 1953-cü ildə keçmiş SSSR-nin Kalininqrad vilayətinin Sovetski şəhərinə əsgəri xidmətinə getmiş, hərbi xidməti dövründə sürücülük peşəsinə yiyələnmişdir. O, hərbi xidmətdə olan dövrdə Qazaxıstanın Kustanay vilayətinə taxıl mövsümü ilə əlaqədar sürücü işləməyə getmişdir. 1957-ci ilin yanvarında əsgəri xidmətini qurtararaq İsmayıllıya qayıtmış, 1957-ci ildə İsmayıllı rayonunun Mican kəndi “Şəfəq” kolxozunda sürücü işləmişdir. 1961-ci ildə İsmayıllı kəndində “Kökəltmə” birliyi adlı təsərrüfat yaranmış və F.İsayev bu təsərrüfatda sürücülük fəaliyyətini uzun müddət davam etdirmişdir. 1990-cı ildə “Kökəltmə” birliyi ləğv olunmuş və onun bazasında “Nəsimi” adına kolxoz yaranmışdır. F.İsayev də həmin kolxozda sürücü-ekspeditor kimi fəaliyyətini davam etdirmişdir.
    1997-ci ildə ölkəmizdə gedən aqrar islahatlarla əlaqədar olaraq “Nəsimi” adına kolxozda da islahat aparıldı. Respublika rəhbərliyinin göstərişi ilə kolxozun bütün əmlakı islahat komissiyası tərəfindən kolxozçulara əmlak payı olaraq bölündü. F.İsayevin böyük əmək fəaliyyətini qiymətləndirərək komissiya ona geniş tərkibli əmlak payı verdi. Ona düşən əmlak payları hesabına Fazil dayı rayon rəhbərliyinin sərəncamı ilə 1997-ci ildə “Fazil” Kəndli Fermer Təsərrüfatı adlı kollektiv təsərrüfatı təsis etdi. Onun təsərrüfatında müqavilələr əsasında 98,56 ha əkinə yararlı torpaq sahəsi vardır. Fermer təsərrüfatı əkinçilik, maldarlıq, qoyunçuluq sahələri ilə məşğul olur. Ölkəmizin ərzaq proqramının yerinə yetirilməsində fəal iştirak edir.
     Fazil dayı 80 yaşı olmasına baxmayaraq yorulmadan təsərrüfat fəaliyyətini davam etdirir. Ağsaqqal fermerə bu işdə övladları da yaxından köməklik göstərir.
       Fazil dayı taxılçılıqda həmişə yüksək məhsul götürməyə nail olur. Bunun da əsas səbəbi torpağa qayğı ilə yanaşmasıdır. Torpaq deyər: “Öldür məni, dirildim səni”. O, bütün aqrotexniki tədbirləri vaxtında və yüksək səviyyədə həyata keçirir. Məhsuldar toxumdan, mineral və üzvi gübrələrdən səmərəli istifadə edən fermer hər hektardan 38-45 sentner məhsul götürməklə, 2012-ci ildə 390 ton, 2013-cü ildə isə 400 ton buğda istehsal etmişdir.
      Fazil dayının təsərrüfatında 103 baş iri buynuzlu qaramal bəslənilir. Mal-qaraya zootexniki qaydada qulluq göstərməyin nəticəsində hər inəkdən orta hesabla gün ərzində 20-25 litr süd sağılır.
        F.İsayev dövlətimizin aqrar sahəyə göstərdiyi qayğıdan davamlı olaraq bəhrələnir. Qocaman fermerin təsərrüfatında 12 ailə il boyu işləyərək əmək haqqı alır. O, imkansız ailələrə həmişə kömək əlini uzadır.
        Fazil dayı gözəl ailə başçısıdır. Onun dörd oğlu,  bir qızı, 14 nəvəsi, yeddi nəticəsi vardır.

    

 

 

Keçidlər