Hacıyev Etibar Əvəz oğlu
İsmayıllı şəhər (keçmiş Mican kəndi) ərazisində fəaliyyət göstərən fermer təsərrüfatının rəhbəri Hacıyev Etibar Əvəz oğlu 08.04.1963-cü ildə anadan olub. 1970-ci ildə Mican kənd orta məktəbinə qəbul olub və 1978-ci ildə 8-ci sinifi bitirərək texniki peşə məktəbinə daxil olub. 1981-ci ildə texniki peşə məktəbini mexanizator ixtisası üzrə bitirmişdir. 1982-ci ildə hərbi xidmətə getmiş E.Hacıyev Moskva şəhərində N saylı hərbi hissədə artileriya bölməsində xidmət etmişdir. O, 1984-cü ildə hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə qayıtmış və “Oktyabr” kolxozunda mexanizator işləməyə başlamışdır.
E.Hacıyev 1989-cu ildə hazırda rəhbərlik etdiyi fermer təsərrüfatını yaradıb. Təsərrüfatda 200 baş xırda və 50 baş iri buynuzlu mal-qara bəslənilir. Fermer hər 100 ana qoyundan 100 baş sağlam bala alır. Hər qoyundan isə 2-3 kq yun qırxılır. Təsərrüfatda gün ərzində 150 litr süd sağılır. Fermer əkinçiliklə də məşğul olur. O, hər il 200 hektara yaxın taxıl əkir və hər hektardan 25-28 sentner məhsul götürür.
Təsərrüfatda istehsal olunmuş məhsullar daxili bazarda satılır. Dövlət tərəfindən fermerlərə edilən yardımlardan E.Hacıyev də faydalanır.
Təsərrüfatda 14 adda (traktor, kombayn və s.) kənd təsərrüfatı texnikaları var.