İsmayıllı Quşçuluq fabriki
Əhmədov Əfqan Ötərxan oğlu
18 avqust 1969-cu ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşdur. 1976-cı ildə İsmayıllı kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1986-cı ildə həmin məktəbin 10-cu sinfini qutarmışdır. Həmin il də Bakı Yeyinti Sənayesi Texnikumuna daxil olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağrılan Əfqan Əhmədov 1989-cu ildə hərbi xidməti başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yarımçıq qalan təhsilini davam etdirərək 1990-cı ildə bitirmişdir. Həmin İsmayıllı rayon süd kombinatında işləməyə başlamışdır.
Sahibkarlıq fəaliyyətinə 1995-ci ildə başlamışdır. İlk fəaliyyəti əkinçilik və toyuqçuluq olmuşdur. 1998-ci ildə Xırdalan quşçuluq fabrikindən tutumu 50.000 baş olan sexi icarəyə götürərək ərzaq yumurtasının istehsalına başlamışdır.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakultəsinə daxil olmuş və 2006-cı ildə bitirmişdir. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-ci ildə kənd təsərrüfatının inkişafı məqsədilə Sahibkarlığa Kömək Milli Fondundan kredit ayrılması üçün Hörmətli cənab Prezident İlham Əliyevə məktubla müraciət etmişdir. Həmin il Sahibkarlara Kömək Milli Fondu tərəfindən 100.000 manat vəsait ayrılmışdır. Həmin vəsait vasitəsilə Hövsan qəsəbəsi ərazisində ümumi sahəsi 600 m2 olan yerdə 350 m2-lik sex və iki yardımçı bina tikmişdir.
İsmayıllı rayonunda fəaliyyətini davam etdirmək məqsədilə 2007-ci ildə 3 ha torpaq sahəsi ayrılmışdır. Həmin il ətlik broyler istehsal etmək üçün 2 ədəd sexin tikilməsinə başlanmışdır. Vəsait olmadğından müəyyən edilmiş vaxtda tikintini başa çatdıra bilməmişdir. Ona görə də “Aqrolizinq”ASC-nə avadanlıqların alınması üçün müraciət etmişdir. Bu məqsəd ilə ona “Aqrolizinq” ASC tərəfindən 362000 manat vəsait ayrılmışdır. Bundan əlavə dövlət dəstəyi ilə 4 ədəd toyuq yetişdirmə sexinin (hər birinin sahəsi 1440m2) tikintisi davam etdirilir və son tamamlanma işləri aparılır.
Regionlarda kənd təsərrüfatının inkişafını, həmçinin vətəndaşların işlə təmin edilməsi məqsədilə yeni yaradılan quşçuluq fabrikin tam gücü ilə işləyən zaman 60 nəfər daimi işlə təmin ediləcəkdir. Müəssisə 2016-cü ildə 812 sentner keyfiyyətli quş əti istehsal etmişdir.